Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubunda israilli futbolçu Saqiv Yehezkel ilə bağlı böyük qalmaqal qeydə alınıb.
Arena.az xəbər verir ki, hər şeyə Super Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Antalyaspor” – “Trabzonspor” oyununda Yehezkelin qol vurduqdan sonrakı davranışı səbəb olub.
Belə ki, o, 1:1 hesabıyla bitən oyunun 68-ci dəqiqəsində komandasının bərabərlik qolunu vurduqdan sonra qolundakı sarğıda yazılan “100 gün… 7 oktyabr” yazısını göstərib. Bununla israilli vinger Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücum etməsinə diqqət çəkib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Müharibə artıq 100 gündən çoxdur davam edir.
Yehezkelin bu hərəkəti Türkiyədə birmənalı qarşılalanmayıb. Qarşılaşmadan dərhal sonra “Antalyaspor” bununla bağlı açıqlama yayıb və israilli futbolçunun komandadan kənarlaşdırıldığını və müqaviləsinə xitam veriləcəyini bəyan edib:
“Trabzonspor”la matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazını göstərərək ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi görülən Saqiv Yehezkelin idarə heyətinin qərarı ilə komandadan kənarlaşdırılmasına qərar verilib. İdarə heyətimiz heç vaxt, nəticəsi nə olursa olsun, ölkəmizin həssaslığına qarşı davranışa icazə verməyəcək”.
Türkiyə Futbol Federasiyası da dərhal hadisəyə münasibət bildirib və “Antalyaspor”un addımını dəstəklədiyini açıqlayıb.
“Mən müharibə tərəfdarı deyiləm”
Hadisədən sonra Antalya Baş Prokurorluğu tərəfindən “xalqı kin və düşməçiliyə yönləndirmə” iddiaları ilə istintaq başladılıb. Hətta israilli futbolçu saxlanılaraq polis şöbəsinə aparılıb. Tərcüməçi köməyi vasitəsilə izahat verən futbolçu yazını müharibənin bitməsini istədiyi üçün göstərdiyini deyib: “Mən təhrik etmək üçün heç bir hərəkət etməmişəm. Mən müharibə tərəfdarı deyiləm. Axı, Qəzzada əsir düşən İsrail əsgərləri var. Mən müharibənin bitməsini istəyirəm. Ona görə də biləyimdəki yazını göstərdim. Mən siyasətlə əlaqəsi olmayan biriyəm. Gəldiyim gündən bəri siyasətlə bağlı heç bir iş görməmişəm. Diqqət çəkmək istədiyim nöqtə müharibənin sona çatdırılması idi”.
İzahat verəndən sonra 28 yaşlı futbolçu sərbəst buraxılıb. O, artıq bu gün xüsusi təyyarə ilə İsrailə qayıdıb. “Antalyaspor” hazırda israilli oyunçu ilə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı işlərə start verildiyini bildirib. Yehezkelin bir daha Türkiyəyə qayıtması gözlənilmir.
Xatırladaq ki, Saqiv Yehezkel “Antalyaspor”a 2023-cü ilin sentyabr ayında “Hapoel” (Beer Şeva) klubundan 850 min avro qarşılığında transfer edilmişdi. 28 yaşlı futbolçu bu mövsüm Türkiyə klubunun heyətində 13 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İsrail milli komandasında 8 oyun keçirmiş Yehezkel, “Makkabi” (Təl-Əviv), “Kiryat Şmona”, “Bney Yehuda”, “Aşdod”, “Hapoel” (Beer Şeva) kimi klublarda da forma geyinib.
Bahar Rüstəmzadə


