Premyer Liqa təmsilçisi “Brentford”un ingiltərəli mərkəz hücumçusu Ayvan Touni yenidən böyük futbol səhnəsinə qayıdıb.
Arena.az məlumat verir ki, Touninin mərc qoyuluşları ilə bağlı yol verdiyi qanunsuzluğa görə ötən ilin may ayında aldığı 8 aylıq cəzası yanvarın 16-da başa çatıb.
İndi Touni yenidən yaşıl meydanlarda oynaya bilər. Hücumçu bu münasibətlə özünün “X” sosial şəbəkə hesabı üzərindən “Azadam!” kəlməsini dərc edib.
Vurğulayaq ki, Touni cari mövsümdə heç bir rəsmi oyunda meydana çıxmayıb.
Qayıdışı ilə bağlı Touni iddiasını ortaya qoyub. Vurğulayaq ki, hücumçu perspektivli sayılır və İngiltərə nəhənglərinin diqqət mərkəzindədir:
“Aydındır ki, mən yüksən səviyyəli klubda oynamaq və qənimətlər üçün mübarizə aparmaq istəyirəm. Əgər hansısa komanda mənə lazım olan məbləği ödəyirsə, niyə transfer olmasın? İstənilən halda, istər yanvarda, istərsə də başqa vaxtda yeni çağırışa həmişə hazır olacağam. Bununla belə, hazırda bütün diqqətimi “Brentford”da oynamağa yönəltmişəm”, – “SkySports” Tounidən sitat gətirir.
Ayvan Touni “Northempton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Nyukasl”, “Barnsli”, “Şrusberi”, “Skantorp Yunayted”, “Uiqan”, “Piterboro” komandalarında çıxış edib. 2020-ci ilin sentyabrın 1-də “Brentford” 5,60 milyon avro müqabilində Tounini “Piterboro”dan heyətinə qatıb. Touninin “Brentford”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Touni “Brentford”un heyətində 35 oyuna 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Hücumçunun İngiltərə Premyer Liqasında iştirak mənzərəsi isə belədir: 68 oyun, 32 qol, 9 məhsuldar ötürmə.
Ayvan Touni İngiltərə yığmasının heyətində 2023-cü ilin martında debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


