Şahruddin üçün yeni baş məşqçi – Hikmət Karaman

Türkiyəli futbol mütəxəssisi Hikmət Karaman Super Liqa təmsilçisi “Adana Dəmirspor”un yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

63 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, Adana təmsilçisinin baş məşqçi postunda təxminən bir ay öncə istefaya göndərilmiş Patrik Klyuverti əvəz edib. Həmin dövrdən bəri komandanı köməkçi məşqçi Serkan Damla çalışdırırdı.

Xatırladaq ki, “Adana Dəmirspor” bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkir. Super Liqa təmsilçisi ötən gün Türkiyə Kubokunun 1/16 finalında “Ərzincanspor”a uduzaraq mübarizəni dayandırıb. Super Liqada isə bu komanda 20 oyuna topladığı 29 xalla 6-cı pillədə qərarlaşıb.

Hikmət Karaman son olaraq 2021-ci ilin avqust ayından 2022-ci ilin mayına kimi “Kayserispor”a rəhbərlik edib. O, daha öncə “Ankaragücü”, “Yeni Malatyaspor”, “Kayserispor”, “Alanyaspor”, “Rizəspor”, “Kayseri Ərciyəsspor”, “Bursaspor”, “Qaziantepspor”, “Manisaspor”, “Ankaraspor”, “Antalyaspor”, “Kocaelispor”, “Adanaspor”, “Ərzurumspor” kimi klublarda da baş məşqçi olub.

Yeri gəlmişkən, Kosovo yığmasının sol cinah vingeri Arber Zeneli “Adana Demirspor”dan ayrılıb. 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Zeneli “Adana Dəmirspor”a 2023-cü ilin sentyabrında Fransanın “Reyms” klubundan gəlmişdi. Super Liqa təmsilçisində 13 oyun keçirmiş Arber, 1 məhsuldar ötürmə müəllifi də olub. O, daha öncə “Herenven”, “Reyms”, “Elfsborq” kimi klublarda da forma geyinib, Kosovo yığmasında 33 oyuna 9 qol vurub.

Sonda onu da xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir. O, cari mövsümün əvvəlindən bu komandanın sıralarındadır. Adana klubunun heyətində 8 oyuna çıxmış Şahruddin 14 qol buraxıb, cəmi 1 “quru” matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: