Eden Kartsev də Türkiyəni tərk etdi, İsrailə qayıtdı

Türkiyə Super Liqasında mübarizə aparan daha bir israilli futbolçu – Eden Kartsev də qardaş ölkəni tərk etmək məcburiyyətində qalıb.

Arena.az xəbər verir ki, “Başakşəhər”in oyunçusu sosial media hesabında etdiyi payalaşıma görə klubdan göndərilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin “Antalyaspor” klubu da eyni səbəbdən oxşar addım atmışdı. Komandanın israilli futbolçusu Saqiv Yehezkelin ölkəsinə dəstək verən qol sevincinə görə Türkiyə polisi tərəfindən saxlanılmış, izahatı alındıqdan sonra sərbəst buraxılmışdı. Klub isə onunla müqaviləni ləğv etmişdi. Saqiv Yehezkel qısa zamanda İsrailə deportasiya olunmuşdu.

Kartsev də məhz Saqiv Yehezkelə və İsrailə dəstək nümayiş etdirib. Amma onun da bu hərəkəti klubu tərəfindən xoş qarşılanmayıb. “Başakşəhər”in bununla bağlı yaydığı açıqlamada qeyd olunur: “Futbolçu klubun intizam göstərişinə uyğun olaraq cərimələnib və Eden Kartsevin karyerasını xaricdə davam etdirməsi məqsədəuyğun hesab edilib”.

Paylaşımın ardından Kartsev də Türkiyə təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. O, izahat verdikdən sonra sərbəst buraxılıb. Artıq Eden Türkiyəni tərk edib. “Başakşəhər” israilli dayaq yarımmüdafiəçisini Təl-Əviv “Makkabi”sinə icarəyə verib. Onun mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. Kartsevin Türkiyə klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Transferin ardından Kartsev bunları söyləyib: “Karyerama başladığım kluba qayıtdığım üçün çox xoşbəxtəm. Komandanın mümkün qədər çox çempionluq qazanmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm. Komanda yoldaşlarım və azarkeşlərimlə görüşməyi səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Eden Kartsev “Başakşəhər”ə 2023-cü ilin yanvarında “Makkabi” (Netanya) 2,3 milyon avro qarşılığında gəlmişdi. 23 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində 17 oyun keçirib.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: