“Kəpəz”in müdafiəçisi Yeqor Xvalko Gəncə təmsilçisinin 2023/2024 mövsümünün qalan hissəsinə hazırlığını dəyərləndirib.
Arena.az xəbər verir ki, belaruslu futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Prinsipcə, hər şey plan üzrə gedib. Yalnız hava şəraiti ilə bağlı ikinci yoxlama oyununu keçirə bilmədik. Yaxşı məşqlər etdik, gündə iki dəfə hazırlaşdıq. Düşünürəm ki, nəzərdə tutulan proqramı yerinə yetirdik”.
Xvalko mövsümün qalan hissəsində əsas hədəflərinin üs pillələrə çıxmaq və elitada qalmaq olduğunu söyləyib:
“Məncə, bu mövsüm çempionatda rəqabət daha böyükdür. Ötən mövsüm aşağı yerlərdə sıxlıq çox idi. Eyni səviyyəli komandalar bir-biri ilə mübarizə aparırdılar. Bu il isə daha çətindir. “Qəbələ” ilə birgə aşağıda yer almışıq. Bir neçə xal qazansaq, yuxarıdakılara çata bilərik.
Bu, mövsümöncəsi bir nömrəli tapşırıq idi: biz Premyer Liqada qalmağı bacarmalıyıq. Vəzifəni yerinə yetirmək üçün çalışacağıq”.
“Kəpəz”in legioneri öz oyununa qiymət vermək istəməyib:
“Yox, mən bunu etməyəcəyəm. Qoy məşqçimiz mənim oyunumu dəyərləndirsin. Azərbaycanda ikinci mövsümümdür. Fikrimcə, artıq burada oynamağa alışmışam. Bir çoxlarını tanıyıram. Onlara qarşı necə oynayacağımı bildiyimdən mənim üçün indi asandır. Oyunumu qiymətləndirməyim yaxşı çıxmaz. Məşqçi danışsın”.
Xvalko sonda “Kəpəz” azarkeşlərindən söz açıb:
“Azarkeşlərimiz barədə həmişə yaxşı düşünmüşəm. Onlar daim bizi dəstəkləyirlər. Bizim arxamızca hər yerə gedirlər. Stadiona görə ev oyunlarımız da səfərlərdə keçir. Zəhmət çəkib gəlirlər, sağolsunlar”.
Xatırladaq ki, Yeqor Xvalko 2022-ci ilin iyul ayından “Kəpəz”də çıxış edir. O, bu komandanın heyətində indiyə qədər 49 oyuna çıxıb, 2 qol vurub.
Daha öncə “Arsenal” (Dzerjinsk), “Neman” (Qrodno), “Dnyapro” (Mogilev) və “Lida” kimi klublarda da oynamış müdafiəçi, Belarusun U-18, U-19, U-21 yığmalarında da forma geyinib. O, əsas milliyə də dəvət almasına rəğmən, hələ debüt şansı qazanmayıb.


