Adil Şükürov: “Narazı qaldığım məqamlar çoxdur”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün azarkeşlərimizə təşəkkür edirəm. Soyuq havada uzaq yol gəlib bizə dəstək oldular. Futbolçularıma minnətdaram. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. “Turan Tovuz”un yoldaşlıq oyunlarını izləmişdik. Öz oyunumuzu diqtə edərək qalib gəlməyə çalışdıq. Qalib gəlsək də, narazı qaldığım məqamlar çoxdur. Həm müdafiədə, həm də hücumda çatışmazlıqlar var. Amma indi bu haqda danışmaq istəmirəm. Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Bu gün onların pozitiv əhvalda qalmasını istəyirəm. Daha sonra təhlillərdə səhvlərini deyəcəyik”.

Adil Şükürov Mate Kvirkviyanın əvəzlənməsindən narazı qalmasına da münasibət bildirib: “Hər futbolçu 90 dəqiqə oynamaq istəyir. Matenin narazılığı daha çox oynamaq istəyi ilə bağlı idi. Ona izah etdim ki, hər əvəzetmənin səbəbi var. Qarşıdakı matçlarda daha çox şans qazanacaq. Bu gün hücumda Adama Nianeyə yox, Amil Yunanova şans verdik. Bu, rəqabətdən irəli gəlir. Hər komanda qalib gəlmək istəyir. Rəqabətdə daha yaxşı olan oyunçuya şans verəcəyik. Amil daha yaxşı və istəkli idi”.

“Hakimlərə də qalib gəlmək lazımdır”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Hava şəraiti ağır olsa da, matça çox yaxşı başladıq. Oyuna nəzarət bizdə idi. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular. Üzücü məğlubiyyətlə üzləşdik. Hələ oyunlar qabaqdadır. Növbəti matçlara hazırlaşmalıyıq”.

Ayxan Abbasov hakimlikdən də şikayətlənib: “Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Barış Şimşəklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs Vüsal Məsimova niyə qırmızı vərəqə verilmir? Daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır”.

Tovuz klubunun çalışdırıcısı komandanın hücumçusu Martin Petkovla yollarını ayıracaqları haqda xəbərləri də təsdiqləyib:

“Çox güman ki, yollarımızı ayıracağıq. Onun özünə və bizə aid səbəblər var. Martin perspektivli oyiunçudur. Yaxşı başlamışdı. Amma sonra problemlər ona imkan vermədi. Yaxın günlərdə qərar olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: