Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin “Ərzurumspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Türkiyə Super Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü turunun oyunları keçirilir.
Nəriman Axundzadəli “Ərzurumspor” bu turda “Gənclərbirliyi” ilə qarşılaşıb. Səfərdə baş tutmuş görüşdə qalib müəyyənləşməyib – 1:1. Nəriman matçın 85-ci dəqiqəsində meydana buraxılıb.
“Ərzurumspor” 3 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cıdır.
Xatırladaq ki, “Ərzurumspor” Nərimanı ABŞ klubu “Kolumbus Kru”dan bir mövsümlük icarəyə götürüb. Axundzadə 2026/2027-ci illər mövsümünün sonuna kimi Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti də nəzərdə tutulub. 23 yaşlı futbolçu yeni klubunda 3 rəsmi oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə bu ilin fevral ayında Ağdam klubundan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


