Suso karyerasını başa vurdu – 32 yaşında

Futbol üzrə İspaniya millisinin sabiq üzvü Xesus Xoakin Fernandes Saens de la Torre (Suso) 32 yaşında karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə oyunçunun ötən ilin yayından bəri formasını geyindiyi “Kadis” klubu məlumat yayıb.

Vingerin bundan sonra sözügedən klubun institusional nümayəndəsi olacağı vurğulanıb.

Xatırladaq ki, Suso məhz “Kadis”in yetirməsi olsa da, peşəkar karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Sonralar o, “Almeriya”, “Milan”, “Cenoa” və “Sevilya” kimi klubların da formasını geyinib. İspan futbolçu “Milan” və “Sevilya”dakı çıxışı ilə daha çox məşhurlaşıb.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış cinah hücumçu 2017-2019-cu illər aralığında əsas millidə də çıxış edib. O, yığmanın heyətində 5 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Suso İspaniyanın U-19 millisi ilə 2012-ci ildə Avropa çempionu olub. O, “Sevilya”nın heyətində iki dəfə Avropa Liqasını qazanıbsa, “Milan”la da İtaliya Super Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: