“Şalke” Darko Çurlinovu “Börnli”dən icarəyə götürdü

Bundesliqa təmsilçisi “Şalke” Premyer Liqa təmsilçisi “Börnli”nin makedoniyalı sol vingeri Darko Çurlinovu icarə əsasında heyətinə qatıb.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müddəti cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Buna qədər Çurlinov “Şalke”nin heyətində çıxış edib.

Darko Çurlinov Skopyenin “Rabotniçki” klubunda futbola qədəm qoyub. O, karyerası ərzində “Vardar”, “Elmenhorst”, “Hanza” (Rostok), “Maqdeburq”, “Köln”, “Ştutqart” və “Börnli”də oynayıb.

Cari mövsümün ilk yarısında Çurlinov meydana çıxmayıb.

Darko Çurlinovun qənimətlər muzeyində “Şalke” ilə 2-ci Bundesliqa çempionluğu (2021/2022) və “Börnli” ilə Çempionşip çempionluğu (2022/2023) var.

Darko Çurlinov Şimali Makedoniyanın əsas yığmasına U-16, U-17, U-18, U-19, U-20 və U-21 komandalarından keçməklə gəlib.

“Transfermarkt” internet-portalı 23 yaşlı makedoniyalı sol vingerin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Mərkəz yarımmüdafiəçisi Skott Tuayn da “Börnli”dən ayrılıb. 24 yaşlı ingilis futbolçu “Bristol Siti”yə icarəyə verilib. O da bu mövsümün sonuna kimi icarədə olacaq.

Skott Tuayn “Börnli”yə 2022-ci ilin iyul ayında “Milton Kins Dons” klubundan 2,9 milyon avro qarşılığında keçib. O, indiyə qədər bu komandada cəmi 18 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Suindon Taun”, “Hall Siti”, “Nyuport Kaunti”, “Uoterford” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: