Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Avropa Super Liqası haqda danışıb.
Arena.az “The Guardian” nəşrinə istinadən məlumat verir ki, Çeferinin bu dəfəki müsahibəsində də müvafiq layihənin uğursuzluğa düçar olacağı fikrində əminliyini ifadə edib:
“Bu, bir layihə deyil, bu, heç vaxt baş verməyəcək bir şeydir, çünki bunu heç kim istəmir. Nə məhkəmə, nə polis, nə də ordu insanları bu cür cəfəngiyyatı qəbul etməyə məcbur edə bilməz. Super Liqa adlanan oyunun tarixi bizim cəmiyyətimizin tarixidir: pulla hər şeyi almaq olarmı, məsələsidir.
Onların 2021-ci ildə ilk cəhdlərindən sonra ölkəm Sloveniyada küçədə yaşlı bir qarıya rast gəldin. Onun 80-90 yaşı vardı və bir müddət idi ki, futbolu izləmirdi. O, məni saxladı və dedi: “Bu əclafları dayandırdığınız üçün təşəkkür edirəm”, deyə Çeferin Super Liqa haqda fikrini xatirəsi ilə yekunlaşdırıb.
Xatırladaq ki, daha əvvəl Avropa Super Liqasının sahibi olan “A22 Sports Management” şirkətinin həmtəsisçisi Anas Laqrari bildirmişdi ki, layihə çərçivəsində 50 klubla danışıqlar aparılıb, onlardan 20-si yeni layihəyə qoşulmağa razılaşıb.


