Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi, xeyli müddətdir azad agent olan Duqlas Kosta nəhayət, özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, ötən ilin oktyabr ayında ABŞ təmsilçisi “Los Anceles Qalaksi” klubundan ayrılandan klub axtarışında olan təcrübəli futbolçu sonda vətəninə qayıtmağa qərar verib.
Belə ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. Kosta “Fluminense”yə keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2025-ci ilin iyul ayına kimi anlaşıblar.
Kosta son günlərə qədər Türkiyənin “Samsunspor” klubu ilə də danışıq aparırdı. O, hətta Samsuna gəlmiş, bu komandanın oyununu da canlı izləmişdi. Ancaq son anda tərəflər razılığa gələ bilməmişdilər. Məhz bundan sonra Duqlas Braziliyada oynamağa qərar verib.
Xatırladaq ki, Duqlas Kosta 2022-ci ilin iyul ayından MLS təmsilçisi “Los Anceles Qalaksi”də çıxış edirdi. O, Amerika Birləşmiş Ştatları klubunda 51 oyuna 8 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi 2017-ci ildən 2022-ci ilə qədər fasilələrlə formasını geyindiyi “Yuventus”da da 103 oyun keçirib, 10 qol vurub, 21 məhsuldar ötürmə verib.
Duqlas Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 51 oyun keçirib, 8 qol və 8 assistlə yadda qalıb. Yarımmüdafiəçi sonralar Donetsk “Şaxtyor”unun (Ukrayna, 203 oyun, 38 qol, 40 assist) və Almaniya nəhəngi “Bayern”in (97 oyun, 15 qol, 30 assist) də şərəfini qoruyub.
Kosta Braziliya yığmasında da 31 oyun keçirib, 3 qola imza atıb.


