İtaliya A Seriyasının “Fiorentina” – “İnter” oyunu (0:1) “neradzurri”nin argentinalı mərkəz hücumçusu Lautaro Martines üçü əlamətdar olub.
Arena.az məlumat verir ki, Martines oyunun 14-cü dəqiqəsində komandasının qələbə topunu vurub və bununla da klubun tarixən ən sərrast futbolçularının siyahısına daxil olub.
Bu qol Martinesin “İnter”in heyətində vurduğu 124-cü qol olub. Argentinalı hücumçu italyan mərkəz hücumçusu Kristian Vyerinin nəticəsini (123 qol) üstəəlyərək, təmiz 9-cu pillədə qərarlaşıb.
Hazırda “İnter”in tarixən ən sərrast futbolçusu əfsanəvi italyan hücumçu Cüzeppe Meatsadır. Cüzeppe Meatsa 1927-1940-cı illər aralığında “neradzurri”nin heyətində 287 qol vurub.
Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 28 oyuna çıxıb, 22 qol vurub, 5 məhsuldar ötürmə verib.
Martines “neradzurri” ilə 1 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 54 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib. Hücumçu 2021 Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


