Tanınmış basketbol mütəxəssisi, olimpiya və Avropa çempionu Rimas Kurtinaytis “Sabah”ın baketbol komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.
Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.
Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun da baş məşqçisi olub.
Xatırladaq ki, “Sabah”a son olaraq Şimali Makedoniyadan olan mütəxəssis Boban Mitev başçılıq edib. O, ötən il iyulun 31-də təyin olunduğu baş məşqçi postunu noyabrda tərk etmişdi. Həmin vaxtdan etibarən komandaya Mitevin köməkçisi Nikola Bojinovski rəhbərlik edirdi.
Ötən mövsümü Azərbaycan çempionu kimi başa vurmuş “Sabah” bu mövsümdə də Basketbol Liqasında əsas favoritlərdəndir. Komanda 12 oyuna topladığı 22 xalla zirvədə qərarlaşıb.


