“Mançester Yunayted”in futbolçusu Markus Raşfordun Belfastda iştirak etdiyi gecə şənliyinin necə keçməsi məlum olub.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Raşford gecə məclisinə baş çəkməzdən əvvəl Şimali İrlandiyanın paytaxtında bir neçə nəfərin müşayiəti ilə restorana yollanıb. Markus burada yemək və spirtli içki sifariş verib, bundan sonra gənclər gecə klubuna baş çəkiblər. Orada Markus içki içməyə davam edib və bir qədər sonra o qədər sərxoş olub ki, masanın üstünə nağd pul dəstələri atmağa başlayıb. Bir sözlə, Markus pullarını sağa-sola səpələyib, sonrası məlumdur.
Xatırladaq ki, bu kef-damaqdan sonra Raşford cümə günü səhər “qırmızı şeytanlar”ın məşqində iştirak etməyə güc tapmayıb və çox “xəstə” olduğunu kluba bildirib.
Daha sonra “Mançester Yunayted” hadisə ilə bağlı rəsmi açıqlama yayıb və vurğulayıb ki, Markus Raşford bütün bu davranışına görə məsuliyyəti öz üzərinə götürüb.
Vurğulayaq ki, nə “Mançester Yunayted” və nə də Raşford və onun ətrafı bu biabırçılığı açıb-ağartmaq istəmirlər. Amma eyni zamanda vurğulanır ki, baş vermiş hadisə ingiltərəli hücumçuya təsirsiz ötüşməyəcək.


