Marko Veşoviç UEFA tərəfindən cəzalandırıldı

Monteneqro milli komandasının və Azərbaycan çempionu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç UEFA tərəfindən bir oyunluq cəzalandırılıb.

Arena.az xəbər verir ki, 32 yaşlı cinah oyunçusu dekabrın 14-də İsveçin “Hakken” komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun qarşılaşmasının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

UEFA buna görə “Qarabağ”ın futbolçusunu bir oyunluq diskvalifikasiya edib. Bu isə o deməkdir ki, Veşoviç Portuqaliyada “Braqa”ya qarşı keçirəcəkləri pley-offun ilk oyununda komandasına kömək edə bilməyəcək. O, Bakıda baş tutacaq cavab görüşündə baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Xatırladaq ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə ayın 22-də evdə keçirəcək.

Marko Veşoviç 2021-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. Monteneqrodan olan futbolçu Ağdam təmsilçisinin heyətində 91 oyuna çıxıb. O, bu oyunlarda 5 qola imza atıb və 9 məhsuldar ötürmə müəllifi olub.

Veşoviç peşəkar karyerasına “Buduçnost” klubunda başlayıb. O, karyerası ərzində ölkəsinin “Mladost”, Serbiyada “Srvena Zvezda”, İtaliyada “Torino”, “Spetsiya”, Xorvatiyada “Riyeka”, Polşada “Legiya” klublarının da formasını geyinib. Müdafiəçi Monteneqro millisində 52 oyunda 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: