Türkiyənin “Pendikspor” klubunun hücumameyilli yarımmüdafiəçisi Oskar Romero Super Liqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Oskar Romero “Pendikspor”a 2023-cü ilin avqustunda azad agent kimi qoşulmuşdu. O, Türkiyə klubunun heyətində 14 oyuna çıxıb və 4 qola imza atıb.
Romero daha öncə “Rasinq Klub”, “Boka Xuniors”, “San Lorenso”, “Şanxay Şenhua”, “Serro Porteno” və “Alaves” kimi komandaların da uğurları üçün çalışıb. Yarımmüdafiəçi 2013-cü ilin avqust ayında debüt etdiyi Paraqvay milli komandaısnda 58 oyuna çıxıb və 4 qol vurub.
“Pendikspor” hücumçusu Görkem Bitini də “Keçiörengücü” klubuna icarəyə verib. 25 yaşlı forvard bu mövsümün sonuna kimi TFF Birinci Liqa təmsilçisinin uğurları üçün çalışacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Görkem Bitin 2021-ci ildən “Pendikspor”da forma geyinir. O, bu komandanın heyətində 71 oyuna çıxıb, 17 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Nazilli Belediyespor”, “Kırklarelispor” və “Eyüpspor” kimi klublarda da forma geyinib. O, Türkiyənin U-17 və U-18 yığmalarında oynasa da, əsas milliyə düşə bilməyib.


