İtaliya Milli İdman Apellyasiya Məhkəməsi stadionunda irqçilik yaşanmış “Udineze”yə qarşı cəzanın nisbətən yüngülləşdirilməsinə qərar verib.
Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.
İtaliya Milli İdman Apellyasiya Məhkəməsi “Udineze” azarkeşlərinin “Milan”ın qapıçısı Mayk Menyana qarşı irqçi təhqirlərə yol verdiyi hadisə üzrə işə yenidən baxıb. Klubun ünvanladığı şikayət məhkəmə tərəfindən qismən təmin edilib.
Mənbənin məlumatına görə, “Udineze”nin fevralın 3-də “Montsa” ilə İtaliya A Seriyasının 23-cü turunun oyununu tamaşaçısız keçirməsi ilə bağlı əvvəlki qərar ləğv edilib. Əvəzində bu oyun zamanı, eləcə də A Seriyasının 25-ci turunun “Kalyari” ilə oyunundada (18 fevral) Udine klubu “Kurva Nord” tribunasını bağlamalı olacaq.
Xatırladaq ki, “Milan”ın fransalı qapıçısı Mayk Menyan A Seriyasının 21-ci turunda “Udineze” ilə səfər oyununda (2:3) irqçi təhqirlərlə üzləşmişdi. Fransalı qapıçı yerli azarkeşlərin ona ünvanladığı irqçi təhqirlərdən hakimə şikayət edib. Futbolçu oyunu davam etdirmək istəməyərək tribunalaraltı məkana yollansa da, komanda yoldaşları onu geri qayıtmağa razı salıblar. Oyun beş dəqiqə müddətinə dayandırılıb və sonra davam etdirilib.


