Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün tamaşaçı sayında yeni rekord qeydə alınıb.
Arena.az xəbər verir ki, 21-ci turun ötən gün baş tutan “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.
10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.
Buna qədər rekord 10-cu turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 seyrçi izləmişdi.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Premyer Liqanın 21-ci turuna bu gün Qəbələdə keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.


