Mərakeş millisinin sol cinah müdafiəçisi Adam Masina “Udineze”dən ayrılaraq A Seriyasının digər klubu “Torino”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Torino” 30 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərtiylə heyətinə qatıb.
Adam Masina “Udineze”yə 2022-ci ilin iyul ayında İngiltərənin “Uotford” klubundan 5 milyon avro qarşılığında gəlmişdi. O, İtaliya klubunda cəmi 20 oyuna çıxıb və 2 qolla yadda qalıb. Masina karyerası ərzində “Bolonya”, “Uotford” və “Cakomense”də də oynayıb. O, 2021-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasında 16 oyun keçirib.
“Udineze” daha dörd futbolçusunu icarəyə verib. Mərkəz müdafiəçisi Aksel Gessan və hücumçi Vivaldo Semedo “Volendam”a keçiblər. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq. Niderland klubu onları satınalma şərti olmadan heyətinə qatıb.
“Nansi”nin yetirməsi olan Gessan 2022-ci ildən “Udineze”nin formasını geyinir. 19 yaşlı fransız futbolçu İtaliya klubunun əsas komandasında cəmi 4 oyuna çıxıb.
Vivaldo Semedo isə Lissabon “Sportinq”inin yetirməsidir. Əslən Anqoladan olan 19 yaşlı portuqaliyalı forvard 2022-ci ilin avqustunda 3 milyon avro qarşılığında keçdiyi “Udineze”də cəmi 6 oyuna çıxıb.
“Udineze”nin qvineyaəsilli portuqaliyalı mərkəz yarımmüdafiəçisi Dominqos Kina da icarə əsasında “Vizela”ya keçib. 24 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. “Udineze”yə bu mövsümün əvvəlində cəlb olunmuş Kina, bu komandada cəmi 3 oyuna çıxıb. O, “Uotford”, “Barnsli”, “Elçe”, “Qranada”, “Roterem Yunayted”, “Vest Hem”, “Fulhem” kimi klubların, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.
“Udineze” hücumameyilli yarımmüdafiəçisi Simone Pafundini də “Lozanna Sport”a icarəyə verib. 17 yaşlı italyan forvard “Udineze”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında 11 oyuna çıxıb. Pafundi İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. O, hətta 2022-ci ilin noyabrında İtaliyanın əsas millisində də debüt edib.
Etyen Kamara isə “Udineze”dən birdəfəlik ayrılaraq “Şarlerua”ya keçib. 20 yaşlı fransız yarımmüdafiəçi Belçika klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. Daha öncə “Haddersfild”də də oynamış futbolçu “Udineze”də cəmi bir matç keçirib.


