Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 14-cü turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün yeganə görüşü Sumqayıtda keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində “Cəlilabad”ı qəbul edən “Sumqayıt” yekunda 109:99 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Smit Roderik olub – 38 xal, 9 ribaund. “Cəlilabad”da isə Culian Pauel fərqlənib – 23 xal, 10 ribaund.
Bu turun daha öncə baş tutmuş matçlarında son çempion “Sabah” “Neftçi”yə 87:101 hesabıyla uduzub, “Xəzri” isə “Şəki”ni 94:85 hesabı ilə məğlub edib. 14-cü turun növbəti oyunları (“Gəncə” – “Sərhədçi”, “NTD-İndiqo” – “Xırdalan”) 10-11 fevralda baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (14 oyun, 12 qələbə, 2 məğlubiyyət) – 26 xal
- Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal
- Neftçi (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal
- NTD-İndiqo (13 oyun, 10 qələbə, 3 məğlubiyyət) – 23 xal
- Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
- Cəlilabad (14 oyun, 5 qələbə, 9 məğlubiyyət) – 19 xal
- Sərhədçi (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Sumqayıt (14 oyun, 4 qələbə, 10 məğlubiyyət ) – 18 xal
- Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
- Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal


