Bu gün – fevralın 12-də Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuş güləş üzrə Avropa çempionatı start götürüb.
Arena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.
Rəşad Məmmədov (55 kq) 1/4 finalda rumıniyalı Denis Mihaydan güclü olub – 4:3. Qitə birinciliyinin debütantı yarımfinalda gürcüstanlı dünya çempionu və Avropa ikincisi Nuqzari Tsurtsumia üzərində inamlı qələbə (5:1) qazanaraq finala yüksəlib. Məmmədov həlledici görüşdə moldovalı Artyum Deleanu ilə qarşılaşacaq.
Murad Məmmədov (63 kq) 1/8 finalda danimarkalı Brian Santyaqoya heç bir şans tanımayıb – 8:0. Məmmədov növbəti mərhələdə latviyalı Aleksandr Yurkyanı məyus edib – 3:1. Murad yarımfinalda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə (3:3) üstələyərək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib. Sumqayıt güləş məktəbinin yetirməsi həlledici görüşdə ukraynalı Aleksandr Xruşinlə qızıl medal uğrunda mübarizə aparacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda almaniyalı İdris İbayevi çətinlik çəkmədən (10:0) yolundan kənarlaşdırsa da, xorvatiyalı Antonio Kamenyaseviçə məğlub olub – 1:3.
İslam Abbasov (87 kq) 1/8 finalda polşalı Şimon Şimonoviçə (2:1), 1/4 finalda isə gürcüstanlı Açiko Bolkvadzeyə (6:3) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Aleksandr Komarovla (1:3) bacarmayan Abbasov bürünc medal uğrunda mübarizə aparacaq.
Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeaeni (8:6), 1/4 finalda isə macarıstanlı Dariuş Viteki (9:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya mükafatçısı Rza Kayalpla qarşılaşan Kandelaki türkiyəli rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub. O da ümidini 3-cü yerə bağlayıb.
Qeyd edək ki, Buxarestdəki Avropa çempionatı fevralın 18-nə qədər davam edəcək.


