Daiki Haşioka Premyer Liqa klubunda

Belçikanın “Sent-Trüden” klubunun sağ cinah müdafiəçisi Daiki Haşioka bundan sonra “Luton Taun”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu tamhüquqlu əsasla Premyer Liqa klubuna keçib. Amma onunla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Britaniya mətbuatı isə yapon futbolçunun transferi üçün “Sent-Trüden”ə 2 milyon avro ödənildiyini iddia edir.

Daiki Haşioka Yaponiyanın “Urava Red Diamonds” klubunun yetirməsidir. O, 2021-ci ilin yanvarından “Sent-Trüden”də çıxış edirdi. Yapon müdafiəçi Belçika klubunun heyətində 91 oyuna çıxıb, 2 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, 2019-cu ildə debüt etdiyi Yaponiya milli komandasının heyətində də 7 oyun keçirib.

“Luton Taun” İngiltərənin digər klubu “Ridinq”dən mərkəz müdafiəçisi Tom Holmsu da transfer edib. Amma 23 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında “Ridinq”də oynamağa davam edəcək. İngilis müdafiəçi yeni klubunda 2024-cü ilin yayında qoşulacaq.

Tom Holms “Ridinq”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 132 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Holms bir ara “Rozelar” klubunda da icarədə olub.

“Luton Taun” sol cinah müdafiəçisi Rayan Caylzı da “Hall Siti”yə icarəyə verib. Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu klub 24 yaşlı ingilis futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Vulverhempton”un yetirməsi olan Caylz, “Luton Taun”a bu mövsümün əvvəlində keçmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində 14 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: