Andrea Belotti A Seriyasında müstəsna nailiyyətə imza atdı

“Fiorentina”nın italyan mərkəz hücumçusu Andrea Belotti İtaliya A Seriyasında müstəsna bir nailiyyətə imza atıb.

Arena.az məlumat verir ki, Belotti A Seriyasının 21-ci turundan təxirə salınmış “Bolonya” – “Fiorentina oyununda (2:0) əsas heyətdə meydana çıxmaqla, 21-ci turun iki oyununda iştirak etmiş 2-ci futbolçu kimi tarixə düşüb.

Məsələ burasındadır ki, “Roma”dan icarə əsasında hazırda “Fiorentina”da çıxış edən Belotti, 21-ci tur çərçivəsində “canavarlar”ın heyətində “Verona”ya qarşı oyunda (2:1) 81-ci dəqiqədə meydana çıxmışdı. Yanvarın son günündə isə Belottinin cari mövsümün sonuna qədər “Fiorentina”da icarədə olacağı məlum olub. Beləliklə, Belotti “Bolonya”ya qarşı oyunda meydana çıxmaqla, müvafiq nailiyyətə imza atmış ilk italyan futbolçu olub.

Maraqlıdır ki, Belotti A Seriyası tarixində bu halı yaşamış ilk futbolçu deyil. Daha əvvəl, “Fiorentina”nın fransız hücumameylli yarımmüdafiəçisi Valenten Esserik müvafiq nailiyyətə imza atmışdı. 2019-cu ildə mövsümün gedişində qış transfer pəncərəsi zamanı Esserik “Verona”ya keçmişdi.

Andrea Belotti “Roma”ya 2022-ci ilin avqustunda “Torino”dan azad agent kimi keçmişdi. 30 yaşlı italyan forvard bu komandada 68 oyuna 10 qol vurub, 4 assistlə yadda qalıb. O, daha öncə “Torino”, “Palermo” və “Albinoleffe”də də oynayıb. Belotti İtaliya milli komandasında da 44 oyuna çıxıb, 12 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: