Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” komandasının yeni baş məşqçisi bəlli olub.
Arena.az xəbər verir ki, Türkiyənin Birinci Liqasında mübarizə aparan komandanı bundan sonra Mustafa Gürsel çalışdıracaq.
Bu barədə Kocaeli klubunun mətbuat xidməti məlumat yayıb. Bu gün yeni baş məşqçinin klubun stadionunda imza mərasimi təşkil olunub. 49 yaşlı mütəxəssislə 1,5 + 1 illik müqavilə imzalanıb.
Mustafa Gürsel daha öncə müxtəlif klublarda köməkçi məşqçi kimi çalışıb. O, “Bandırmaspor” və “Ümraniyəspor”da da baş məşqçi olub. Türkiyəli mütəxəssisin sonuncu iş yeri də məhz “Ümraniyəspor” olub. O, Azərbaycan millisinin digər üzvü Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”dan fevralın 4-də ayrılmışdı. Gürsel 2023-cü ilin sentyabrından bu komandaya rəhbərlik edirdi. Coşqunun komandası bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 20 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib və 8 məğlubiyyətlə üzləşib.
Mustafa Gürsel Ramil Şeydayevin komandasında ötən gün istefaya göndərilmiş Ərtoğrul Sağlamı əvəzləyib. 54 yaşlı mütəxəssis ötən ilin iyun ayından “Kocaelispor”a rəhbərlik edirdi. Onun bu klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Kocaeli təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 24 oyun keçirib, 13 qələbə qazanıb, 4 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.
“Kocaelispor” hazırda Birinci Liqada 43 xalla 3-cü pillədə qərarlaşıb və lider “Eyüpspor”dan 12 xal geri qalır. İkinci pillədəki “Göztəpə”nin də 46 xalı var.
Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 4 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.


