Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, MLS-in müntəzəm çempionatının 2024-cü il mövsümünün açılış matçında bu gün “İnter Mayami” və “Real Solt Leyk” komandaları üz-üzə gəliblər.
Mayami təmsilçisinin ev sahibi olduğu qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Messi bu görüşdə 90 dəqiqə meydanda olub. “İnter Mayami”nin yeni transferi Luis Suares də start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Messi 39-cu, Suares isə 83-cü dəqiqədə vurulmuş qollarda məhsuldar ötürmə müəllifi olub, amma özləri fərqlənə bilməyiblər.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin bu klubla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Argentinalı futbolçu “İnter Mayami”də bütün yarışlarda 15 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
Leo hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 assist edib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


