Xerardo Martino Messinin yeni mövsümdə ilk oyununu şərh etdi

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandasının ulduzu Lionel Messinin yeni mövsümdə ilk oyunu ilə bağlı fikirlərini paylaşıb.

Arena.az MLS-in rəsmi saytına istinadən argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir.

Xatırladaq ki, “Leo” MLS müntəzəm çempionatının yeni mövsümündə “Real Solt-Leyk”ə qarşı oyunda (2:0) əsas heyətdə meydana çıxıb və “vağlar”ın ilk qolunun vurulmasında məhsuldar ötürmə ilə fərqlənib.

“Mən onu çox sərbəst, çox gözəl, yüksək sürətdə gördüm. Onun digər oyunçularda olmayan bir xüsusiyyəti var: o, hətta qapıdan uzaqda olsa belə, topu qəbul edə bilir və oyunun qol məqamıma çevriləcəyi hissini verir.

Aydındır ki, Messi yaxşı işləyir, köklənib və bu, məni xoşbəxt edir. Fiziki cəhətdən özünü yaxşı hiss edir”, deyə Xerardo Martino vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin “vağlar”la müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə argentinalı hücumçu “İnter Mayami”in heyətində ilk oyununu keçirib və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: