“İnter Mayami”nin uruqvaylı hücumçusu Luis Suares komandasının MLS-in yeni mövsümündəki iddialarından danışıb.
Arena.az uruqvaylı ulduzun bu barədə fikirlərini təqdim edir:
“Yalnız keçən il ilk kubokunu (Liqa Kuboku) qazanmış komandaya gəlmək və MLS-də qalib gəlməyə çalışmaq – bunlar ən yaxşı iddialardır. Həm mən, həm də bütün komanda qənimət qazanmaq üçün bu çağırışı qəbul etdik. Bu, işə yarasa, bütün liqa üçün çox vacib olacaq”, deyə Suares vurğulayıb.
Uruqvaylı mərkəz hücumçusu “İnter Mayami” ilə bu ilin əvvəlində rəsmi müqavilə imzalayıb. Müqavilə 1 illik müddətə bağlanıb və daha 1 mövsüm uzadılması haqda maddəni ehtiva edir. O, artıq yeni komandasında ilk rəsmi matçına çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio” klubunun uğurları üçün çalışırdı. Uruqvaylı hücumçu bu kluba 2023-cü ilin qışında azad agent qismində Uruqvay “Nasyonal”ından keçmişdi. Geridə qalmış mövsümdə Suares “Qremio”nun heyətində 53 oyuna 26 qol vurub, 17 məhsualdar ötürmə verib. O, Braziliya A Seriyasının 2022/2023-cü il mövsümünün ən yaxşı hücumçusu və oyunçusu seçilib.
Suares hazırda kapitanı olduğu, 2007-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 138 oyuna çıxıb, 68 qol vurub, 39 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı 36 yaşlı veteran mərkəz hücumçusu Luis Suaresi 4 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “İnter Mayami”nin heyətində Luis Suaresin “Barselona”dan olan keçmiş komanda yoldaşları – argentinalı ulduz hücumçu Lionel Messi, ispan müdafiəçi Jordi Alba və ispan yarımmüdafiəçi Serxio Buskets çıxış edirlər.


