Alexandro Qomesin 2 illik cəzaya dair şikayəti rədd edildi

“Montsa”nın argentinalı sol vingeri Alexandro Qomesin antidoqinq qaydalarını pozduğu üçün 2 illik cəzasına dair şikayəti rədd edilib.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, bu barədə “Montsa”nın baş məşqçisi, italyan mütəxəssis Raffaele Palladino bildirib:

“Apellyasiya şikayəti rədd edilib. Klub lazım bildiyi təqdirdə ətraflı məlumat verəcək”, deyə Palladino məsələyə aydınlıq gətirib.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Qomes, ondan 2022-ci ilin noyabrında götürülmüş dopinq testində terbutalin tapıldığı üçün diskvalifikasiya edilmişdi. Futbolçunun sözlərinə görə, gecələr özünü yaxşı hiss etməyib, buna görə də klub həkimləri ilə əvvəlcədən məsləhətləşmədən uşaqlarından birinin öskürək əleyhinə şərbətini qəbul edib.

Xatırladaq ki, ötən ilin sentyabr ayının 1-də “Sevilya” klubu Alexandro Qomeslə müqaviləyə xitam verdiyini açıqlamışdı. Argentinalı hücumçunun klubla müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olub.

Qomes “Sevilya”nın heyətində ümumilikdə 90 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib və geridə qalmış 2022/2023 mövsümdə Avropa Liqasının qalibi olub.

Sentyabr ayının 29-da isə veteran hücumçu azad agent qismində “Montsa”ya keçib. Cari mövsümdə Qomes italyan komandasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Alexandro Qomes 2017-ci ilin iyununda debüt etdiyi Argenyina yığmasının heyətində 17 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Veteran hücumçu yığma komanda ilə 2021 Amerika Kubokunun, 2022 FIFA Dünya Kubokunun, 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub. Qomes həmçinin 2007 U-20 FIFA Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Alexandro “Papu” Qomesin transfer dəyəri haqda məlumatı artıq təqdim etmir. Bu, futbolçunun artıq əlçatan olmaması deməkdir.

Xatırladaq ki, daha əvvəl dopinq qalmaqalına bulaşmış 30 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba 4 il müddətinə cəzalandırılmışdı.

Vurğulayaq ki, veteran futbolçuların yaşını nəzərə alasaq, bu cəzaların onlar üçün böyük futbol səhnəsindən getməsinə bərabər olduğu aşkardır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: