Futbol üzrə Azərbaycan millisinin üzvləri – Bəxtiyar Həsənalızadə ilə Ramil Şeydayev Türkiyə Birinci Liqasında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları bu gün bir-biri ilə üz-üzə gəliblər.
Belə ki, Şeydayevli “Kocaelispor” doğma meydanda Bəxtiyarın forma geyindiyi “Tuzlaspor”u sınağa çəkib. İlk hissəsi qolsuz bitən qarşılaşmada hesabı 46-cı dəqiqədə “Tuzlaspor” açıb. Kocaeli təmsilçisi 61-ci dəqiqədə buraxılan qolun cavabını versə də, 76-cı dəqiqədə penalti qoluna üzülüb. Qalan dəqiqələrdə hesab dəyişməyib və “Kocaelispor” doğma meydanda 1:2 hesabıyla məğlub olub.
Xeyli müddət idi oynamayan Bəxtiyar bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Şeydayev isə 84-cü dəqiqədə meydana buraxılıb.
Bu nəticədən sonra “Kocaelispor” 45 xalla 3-cü pillədə qərarlaşıb. “Tuzlaspor” isə 27 xalla 14-cüdür.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 7 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.
Bəxtiyar Həsənalızadə isə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 14 oyuna çıxıb və 1 qol vurub.


