“Bayer” – “Qarabağ” matçını Entoni Teylor idarə edəcək

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Almaniyada keçiriləcək bu qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Belə ki, oyunun baş hakimi məşhur FIFA referisi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qari Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR-da Stüart Attuell, AVAR-da Carred Qavan Cillett (Avstriya) əyləşəcək.

Qeyd edək ki, Entoni Teylor karyerası ərzində ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək. 45 yaşlı ingilis hakim 2013-cü ildən beynəlxalq qarşılaşmalarda iş başında olur.

Teylor Azərbaycan millisinin 2013-cü ildə Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu DÇ-2014-ün seçmə mərhələ oyununda Bakıya gəlib. O, həmin vaxt dördüncü hakim funksiyasını yerinə yetirib.

Təcrübəli referi cari mövsümdə İngiltərə Premyer Liqasında 20, Çempionlar Liqasının qrup mərhələsində 3 görüşdə ədaləti qoruyub. Teylor bu mövsüm Avropa Liqasında Türkiyə təmsilçisi “Qalatasaray”ın Çexiyada “Sparta”ya 1:4 hesabı hesabı ilə uduzduğu pley-off mərhələsinin cavab görüşünü də idarə edib.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: