“Əl-Hilal” dünya rekorduna imza atdı

Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin “Əl-İttihad”la cavab oyunu Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, sözügedən komanda bu oyunda 2:0 hesablı qələbə qazanmaqla həm növbəti mərhələyə adlayıb, həm də yeni dünya rekorduna imza atıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı klublarının “Əl-Hilal”ın meydanında baş tutan ilk oyununda da bu komanda 2:0 hesabıyla qalib gəlmişdi.

Beləliklə, “Əl-Hilal” futbol klubu ardıcıl 28-ci matçda qalib gələrək, ən uzun qələbə seriyasına görə yeni dünya rekorduna imza atıb.

Səudiyyə Ərəbistanı klubu 2016/2017 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gəlmiş Uelsin “Nyu Seynts” komandasının nailiyyətini geridə qoyub. Bu rekorduna görə klubun “Ginnesin Rekordlar Kitabı”na düşməsi gözlənilir.

Qeyd edək ki, hazırda “Əl-Hilal” 65 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə başçılıq edir. Cari mövsümdə cəmi 2 heç-heçəsi olan komandası 21 oyunda qələbə qazanıb.

Portuqaliyalı mütəxəssis Jorje Jezusun çalışdırdığı komanda Asiya Çempionlar Liqasının yarımfinalında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” kollektivi ilə qarşılaşacaq. Bu komandanın növbəti oyunu isə martın 16-da Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 24-cü turu çərçivəsində “Damak”a qarşı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: