Marselo Teyşeyra Neymarın qayıdışı haqda: “Bu, qaçılmazdır”

“Santos”un prezidenti Marselo Teyşeyra “balıqlar”ın sabiq hücumçusu, hazırda “Əl-Hilal”ın futbolçusu, braziliyalı ulduz Neymardan söz açıb.

Arena.az xatırladır ki, Neymar təxminən bir ay əvvəl “Santos” – “Korintians” oyununu (1:0) tribunalardan izləyib.

Bundan sonra ulduz futbolçunun kluba qayıtması ilə bağlı şayiələr səngimək bilmir.

“O və “Santos” arasında təqdir, hörmət və minnətdarlıq münasibətləri var, ona görə də düşünürəm ki, bu, qaçılmazdır. Bununla belə, hazırda onun Braziliya və “Santos”a qayıtmaq niyyətində boşluq görürəm”, – Marselo Teyşeyra AS dərgisinə açıqlamasında bildirib.

Xatırladaq ki, Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) aldığı ağır zədədən sonra futbola qayıtmağa hazırlaşır. Cərrahi əməliyyatdan uğurla çıxmış futbolçu hazırda çətin bərpa prosesi keçir və artıq məlum olduğu kimi, meydana qayıtmaq yolunda ilk addımını atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: