“Qarabağ” üçün Avropa Liqasında daha bir tarixi şans

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 1/8 final mərhələsində “Bayer” ilə cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, avrokubokların 2023/2024 mövsümündə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Avroliqanın 1/4 finalına vəsiqə uğrunda Almaniya təmsilçisi ilə mübarizə aparır.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibə qarşı ilk oyununu ötən həftə Bakıda keçirib. Həmin matçda 2:0 öndə olmasına baxmayaraq, yekunda meydanı heç-heçə ilə tərk etmiş Azərbaycan çempionu indi də səfərdə futbol dünyasını təəccübləndirməyə çalışacaq.

Tarixində ilk dəfə Avroliqanın 1/8 mərhələsinə vəsiqə qazanmış “Qarabağ” uğurunun davamını gətirməklə bu turnirin 1/4 finalına da yüksələ və növbəti tarixi uğura imza ata bilər. Bunun üçün Azərbaycan çempionuna Leverkuzendəki görüşdə mütləq qələbə qazanmaq lazımdır.

Lakin rəqib heç də sıradan bir komanda deyil. Cari mövsüm keçirdiyi 36 matçında uduzmayan Leverkuzen təmsilçisi möhtəşəm seriyaya imza atıb. Ağdam klubu qələbə qazanacağı halda həm də Almaniya Bundesliqasına inamla liderlik edən bu komandanın məğlubiyyətsiz seriyasını qırmış olacaq.

Xatırladaq ki, Azərbaycan və Almaniya təmsilçiləri bu mövsüm Avroliqanın qrup mərhələsində də qarşılaşmışdılar. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann, Endryu Medli (İngiltərə).
VAR: Stüart Attuel (İngiltərə).
AVAR: Carred Qavan Cillet (Avstriya).
Leverkuzen. “BayArena”.
İlk oyun – 2:2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: