“Latsio”nun italyan mərkəz hücumçusu Çiro İmmobilenin ailəsi “qartallar”ın azarkeşləri tərəfindən təhdidlərə və zorakılığa məruz qalıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, “Latsio” azarkeşləri İmmobileni komandanın sabiq baş məşqçisi, italyan mütəxəssis Maurisio Sarrinin istefaya getməsində əsas təqsirkar görürlər.
Xatırladaq ki, Sarri martın 13-də “Latsio”nun baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Mənbənin məlumatına görə, bir dəstə şəxs İmmobile və onun həyat yoldaşını oğlunun oxuduğu məktəbin qarşısında pusquya salıb və futbolçunu təhqir etməyə başlayıb. Fiziki zorakılığın da baş verdiyi bildirilir, amma təfərrüat açıqlanmır.
İmmobileyə və ailəsinə qarşı başqa təcavüz məqamlarının da olduğu vurğulanır. Məsələn, “Latsio” azarkeşlərindən biri İmmobile dörd yaşlı oğlu ilə avtomobilində olarkən onu təhqir edib. Roma klubunun azarkeşlərinin futbolçunun yanında olmadığı bir vaxtda isə onun həyat yoldaşını təhqir etməsi halı qeydə alınıb.
Bəzi azarkeşlərin fikrincə, İmmobile başda olmaqla klubun veteranları Sarrinin qovulması üçün bilərəkdən ən yaxşı çıxışlarını göstərməyiblər. Bir sözlə, azarkeşlər İmmobilenin rəhbərliyi ilə Sarri “torba tikildiyini” iddia edirlər.
Bu mənzərədə “Latsio” futbolçusunun müdafiəsinə qalxıb və rəsmi bəyanatla çıxış edib:
“Latsio”, son günlər həyəcanverici və qəbuledilməz hücumlara məruz qalmış kapitanı Çiro İmmobile və ailəsi ilə tam həmrəy olduğunu bildirir. İdman, eləcə də onun etik dəyəri olduğu kimi qalmalıdır: hər hansı şifahi və ya fiziki zorakılıq fəaliyyəti yekdilliklə pislənməlidir. Bu, inamla və heç bir bəhanəsiz həyata keçirilməlidir”, – “Latsio”nun rəsmi saytında deyilir.
“Corriere della Sera” dərgisinin məlumatına görə isə 34 yaşlı veteran Çiro İmmobile azarkeşlərlə gərgin münasibəti mənzərəsində “Latiso”nu tək etmək fikrindədir. Bu məlumatın nə dərəcədə doğru olduğu məlum deyil.


