Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 15-ci turunun sonuncu qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün yeganə qarşılaşması Şəki Olimpiya İdman Kompleksində keçirilib.
Burada pley-off şanslarını itirmiş iki komanda – yerli “Şəki” və “Sumqayıt” üz-üzə gəlib. Sumqayıtın eyniadlı təmsilçisi səfərdə 98:83 hesablı qələbəyə sevinib. “Sumqayıt”ın heyətində Lenard Dikson ən məhsuldar basketbolçu olub – 28 xal, 8 ribaund. “Şəki”də isə Kris Klark fərqlənib – 20 xal, 9 assist.
Turun əvvəlki matçlarında “Neftçi” “Gəncə”yə (97:62), “NTD-İndiqo” “Sərhədçi”yə (84:74), “Xəzri” “Xırdalan”a (108:82), “Sabah” isə “Cəlilabad”a (90:76) qalib gəlmişdi.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (15 oyun, 13 qələbə, 2 məğlubiyyət) – 28 xal
- Sabah (15 oyun, 12 qələbə, 3 məğlubiyyət) – 27 xal
- Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
- NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
- Xırdalan (15 oyun, 9 qələbə, 6 məğlubiyyət) – 24 xal
- Sərhədçi (15 oyun, 6 qələbə, 9 məğlubiyyət) – 21 xal
- Cəlilabad (15 oyun, 5 qələbə, 10 məğlubiyyət) – 20 xal
- Sumqayıt (15 oyun, 5 qələbə, 10 məğlubiyyət ) – 20 xal
- Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal
- Şəki (15 oyun, 15 məğlubiyyət) – 15 xal


