Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Frayburq” komandasını gələn mövsümdən etibarən Yulian Şuster çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, mövsümün sonunda komandadan ayrılmağa qərar vermiş Kristian Ştrayxı klubun sabiq futbolçusu Şuster əvəz edəcək. 38 yaşlı alman mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Bu, onun baş məşqçi kimi ilk işi olacaq.
Yulian Şuster futbolçu karyerasının böyük hissəsini məhz “Frayburq”da keçirib. 38 yaşlı sabiq oyunçu 2018-ci ilin yayında futbolçu karyerasını başa vurub. Bundan sonra o, klubda istedadların inkişafı üzrə koordinator vəzifəsində çalışıb. Şuster futbolçu karyerası dönəmində “Ştutqart”ın da formasını geyinib.
Xatırladaq ki, “Frayburq” martın 17-də baş məşqçisi Kristian Ştrayxın mövsümün sonunda klubundan ayrılacağını açıqlamışdı. 58 yaşlı mütəxəssis 29 ildir xidmət göstərdiyi bu klubdan getmək qərarına gəlib. Ştrayxın Bundesliqa təmsilçisi ilə mövcud müqaviləsi məhz 2024-cü ilin 30 iyununa kimidir. O, komandada yeni nəfəsə ehtiyac olduğunu əsas gətirərək klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib.
Futbolçu karyerası dönəmində də “Frayburq”da oynamış Kristian Ştrayx məşqçiliyə məhz bu klubda başlayıb. O, 1995-2011-ci illər aralığında bu klubun U-19 komandasını çalışdırıb. 2007-ci ildən əsas komandada da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Ştrayx, 2011-ci ildə Bundesliqa təmsilçisinin baş məşqçisi təyin olunub. Həmin vaxtdan bəri o, bu komandanı 481 rəsmi matça çıxarıb. Hansı ki, “Frayburq” bu görüşlərdə 193 qələbə qazanıb, 121 heç-heçə edib və 167 məğlubiyyətə üzülüb.
“Frayburq” Almaniya Bundesliqasında 33 xalla 9-cu pillədə qərarlaşıb.


