Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın ingilis mərkəz yarımmüdafiəçi Cud Bellingemin aldığı mühüm dərsi açıqlayıb.
Arena.az bu “Ruik” dərgisinə istinadən, italyan mütəxəssin bu barədə fikirlərini təqdim edir:
“Cud Bellingem nə etməli olduğunu – məhz hakimlərin qarşısında ağzının qıfılını saxlamalı olduğunu çox tez əxz etdi”, deyə Karlo Ançelotti bildirib.
Xatırladaq ki, Bellingem İspaniya La Liqasının 27-ci turu çərçivəsində “Valensiya” ilə səfər oyununda (2:2) baş vermiş qalmaqallı məqam sonrasında birbaşa qırmızı vərəqə almışdı. Buna görə də Cud 2 oyunluq diskvalifikasiya ilə üzləşmişdi.
Cud Bellingem “Real”a 2023cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Cari mövsümdə Bellingem “Real”ın heəytində bütün yarışlarda 32 oyuna çıxıb. 20 yaşlı futbolçu , 20 qol vurub, 10 məhsuldar ötürmə verib.
Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 29 oyun keçirib. O, bu oyunlarda 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Cud Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


