Basketbol: “Xırdalan”dan “Sərhədçi” üzərində kritik qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 16-cı turunun qarşılaşmalarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Günün yeganə qarşılaşması “Sərhədçi” İdman Mərkəzində keçirilib. Turun açılış oyununda “Xırdalan” və “Sərhədçi” klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan “Xırdalan” məhsuldar oyunun yekununda rəqibi üzərində 112:105 hesablı qələbəyə sevinib. Məğlubiyyətə baxmayaraq, “Sərhədçi” də pley-off şanslarını davam etdirir.

Qalib komandanın ən məhsuldar basketbolçusu Cakori Arçi olub – 35 xal, 5 assist. “Sərhədçi”də isə Cəbrayıl Əkbərov fərqlənib – 29 xal, 6 ribaund.

16-cı turun digər oyunları (“Sabah” – “Şəki”, “Gəncə” – “Cəlilabad”, “Sumqayıt” – “Xəzri”, “NTD-İndiqo” – “Neftçi”) aprelin 4, 5, 6 və 7-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (15 oyun, 13 qələbə, 2 məğlubiyyət) – 28 xal
  2. Sabah (15 oyun, 12 qələbə, 3 məğlubiyyət) – 27 xal
  3. Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
  4. NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
  5. Xırdalan (16 oyun, 10 qələbə, 6 məğlubiyyət) – 26 xal
  6. Sərhədçi (16 oyun, 6 qələbə, 10 məğlubiyyət) – 22 xal
  7. Cəlilabad (15 oyun, 5 qələbə, 10 məğlubiyyət) – 20 xal
  8. Sumqayıt (15 oyun, 5 qələbə, 10 məğlubiyyət ) – 20 xal
  9. Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal
  10. Şəki (15 oyun, 15 məğlubiyyət) – 15 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: