Ramil Şeydayev meydana çıxdı, əzmkar qələbəyə sevindi – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF Birinci Liqanın 28-ci turu çərçivəsində “Göztəpə” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan görüş Kocaeli klubunun əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. Belə ki, 44 və 71-ci dəqiqələrdə buraxılan qollarla məğlub duruma düşən futbolçumuzun komandası qələbəni son dəqiqələrdə Daniel Kandeyasın het-triki sayəsində əldə edib. O, hər üç qolu (83, 90 və 90+9-cu dəqiqələrdə) penaltidən vurub.

Şeydayev bu oyunun 69-cu dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb. Milli üzvü iki real qol fürsətini boşa verib, əvəzində komandasının penalti qazandığı epizodlardan ikisində iştirakçı olub.

Altı oyun idi qələbəyə həsrət olan “Kocaelispor” bu nəticədən sonra 48 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Bu komanda cari mövsümdə 14 qələbəyə sevinib, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 9 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: