“Barselona”nın istedadlı gənc sağ vingeri Lamin Yamal qarşıdakı Olimpiya oyunları, Avropa çempionatı və baş məşqçisi Xavi haqda danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Yamalın bu barədə fikirlərini təqdim edir:
“Avropa çempionatından dərhal sonra Olimpiadaya getmək məntiqsiz olardı. Axı mən karyeramın əvvəlindən çalışmışam ki, özümü çox yükləməyim, çox oynamayım. Açığı, məni çağırsalar, gedəcəyəm, çünki İspaniya yığmasında oynamaq mənim arzumdur”, deyə Yamal bildirib.
Xatırladaq ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
2024-cü il XXXIII Yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Yamal həmçinin “Barselona”nın baş məşqçisi Xavinin onun həyatını necə dəyişdiyini və ona “blauqrana”nın əsas komandasında debüt etməyə imkan yaratmasından danışıb.
Xatırladaq ki, Yamalın “Barselona”da debütü 2023-cü il aprelin 29-da baş tutub, həmin vaxt Laminin 15 yaşı vardı:
“O, həyatımı və ailəmi tamamilə dəyişdi. Mən məşğələlərə gedən və gənclər komandası ilə məşq edən 15 yaşlı oğlandan birinci komandanın oyunçusuna çevrildim.
“Adidas”ın reklam tədbiri çərçivəsində Barselonada üzərində şəklim olan nəhəng binanı görəndə hansı duyğular keçirirəm? Mən buna futbolçu olmağımla bağlı olan bir məqam kimi baxmağa çalışıram ki, bunun isə baş verməsi gərəkdir. Mən buna öyrəşməyə və alışmağa çalışıram”, deyə Yamal bildirib.
Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.
“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı sağ vinger Lamin Yamalın transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


