Lamin Yamal “Barselona”da Messi kimi əfsanə olmaq istəyir

“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal “blauqrana” ilə bağlı öz gələcəyi və Kataloniya klubundakı arzusu haqda söhbət açıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Yamal həmçinin “Barselona”nın prezidenti Joan Laportanın “blauqrana”nın onun üçün 200 milyon avro məbləğində təklifi rədd etməsi ilə bağlı sözlərini cavablayıb:

“Əməyimin və futbolumun tanındığına görə çox şadam, amma diqqətimi növbəti oyuna cəmləmişəm. Klubdakı gələcəyimdən narahat olan azarkeşlərə nə deyə bilərəm? Onlar sakit olmalıdırlar ki, növbəti müqavilənin bitməsinə hələ iki il var. Hər şeydən əvvəl isə bundan həzz almalısınız.

Xavi, İnyesta, Puyol və ya Messi kimi bütün həyatımı “Barsa”da keçirmək istəyirəmmi? Əlbəttə. Ümid edirəm ki, “Barselona”nın əfsanəsi ola biləcəyəm”, deyə gənc futbolçu vurğulayıb.

Lamin Yamal “Barselona” klubunun öz yetirməsidir. O, 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb. O, bu matçlarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı sağ vinger Lamin Yamalın transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: