Formula 1: Yaponiya qran-prisində Ferstappen qalib oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 4-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Yaponiyada təşkil olunub.

Suzuki şəhərində keçirilən yarışda ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen qələbə qazanıb. Niderlanddan olan 26 yaşlı pilot 53 dövrəlik yarışı 1:54:23.566 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə 3-cü, karyerasında isə 57-ci qələbəsidir.

İkinci yeri “Red Bull”un digər sürücüsü Serxio Peres tutub. İlk “üçlüy”ü “Ferrari”dən Karlos Sayns tamamlayıb.

İlk dövrədə qəza baş verib. Daniel Rikkardonun manevri həm onun, həm də Aleksandr Albonun yarışı başa vurması ilə nəticələnib. Hər iki sürücü qoruyucu baryerlərə çırpılaraq yarışın təxminən yarım saat dayanmasına səbəb olublar.

Beləliklə, 4 turdan sonra 77 xala malik Maks Ferstappen vahid liderdir. Serxio Peres isə 64 xalla 2-ci sırada qərarlaşıb. Şarl Lekler (“Ferrari”) 59 xalla üçüncüdür.

Mühəndislər Kubokunda da “Red Bull” 141 xalla vahid liderdir. “Ferrari” 120 xalla ikinci, “Maklaren” 69 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 5-ci qran-prisi Çində keçiriləcək. Sözügedən yarış aprelin 21-də Şanxay şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 77
  2. Serxio Peres (Red Bull) – 64
  3. Şarl Lekler (Ferrari) – 59
  4. Karlos Sayns (Ferrari) – 55
  5. Lando Norris (Maklaren) – 37
  6. Oskar Piastri (Maklaren) – 32
  7. Corc Rassell (Mersedes) – 24
  8. Fernando Alonso (Aston Martin) – 24
  9. Luis Hamilton (Mersedes) – 10
  10. Lens Stroll (Aston Martin) – 9
  11. Yuki Tsunoda (Rasinq Bulls) – 7
  12. Oliver Berman (Ferrari) – 6
  13. Niko Hulkenberq (Haas) – 3
  14. Kevin Maqnussen (Haas) – 1
  15. Aleksander Albon (Uilyams) – 0
  16. Jou Quanyu (Zauber) – 0
  17. Daniel Rikkardo (Rasinq Bulls) – 0
  18. Esteban Okon (Alpin) – 0
  19. Pyer Qasli (Alpin) – 0
  20. Valtteri Bottas (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 141
  2. Ferrari – 120
  3. Maklaren – 69
  4. Mersedes – 34
  5. Aston Martin – 33
  6. Rasinq Bulls – 7
  7. Haas – 4
  8. Uilyams – 0
  9. Zauber – 0
  10. Alpin – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: