Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda TFF Birinci Liqanın 29-cu turu çərçivəsində “Çorum”la qarşılaşıb.
Səfərdə baş tutan bu görüşdə qalib müəyyənləşməyib. Kocaeli klubu 3-cü dəqiqədə buraxdığı qolla məğlub duruma düşsə də, 72-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıb. Qarşılaşma elə 1:1 hesabıyla da başa çatıb.
Şeydayev bu oyuna start heyətdə başlayıb. Millimizin üzvü 85-ci dəqiqədə əvəzlənib.
“Kocaelispor” bu nəticədən sonra 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bu komanda cari mövsümdə 14 qələbəyə sevinib, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 10 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.


