“Bayern”in fransalı mərkəz müdafiəçisi Dayo Upamekano oyun səviyyəsinin tənqidi ilə bağlı fikirlərini bildirib.
Arena.az Upamekanonun bu barədə fikirlərini təqdim edir:
“Tənqid mənim işimin bir hissəsidir, amma o qədər də pis olduğumu düşünmürəm. İki oyunda iki qırmızı vərəqə aldım. Hər kəs səhv edə bilər. Ən əsası işləməyə davam etməkdir, mən də belə edirəm. Qərarları baş məşqçimiz Tomas Tuxel verir. O, məni yenidən meydana çıxaracağı gün hazır olacağam”, deyə Upamekano bildirib.
Xatırladaq ki, Dayo Upamekano “Valansyen”in yetirməsidir. Fransalı müdafiəçi karyerası ərzində “Zalsburq”, “Leypsiq” və “Bayern”də çıxış edib.
“Bayern” Upamekanonu 2021-ci ilin iyulunda 42,5 milyon avro müqabilində “Leypsiq”dən tamhüquqlu əsasda heyətinə qatıb.
Upamekano cari mövsümdə “Bayern”in heyətində 27 oyuna çıxıb, 1 qol vurub. O, Münhen təmsilçisində bütövlükdə 108 oyun keçirib, 3 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Dayo Upamekanonun qənimətlər muzeyində “Leypsiq”lə 2 Avstriya çempuonluğu, 2 Avstriya Kuboku və “Bayern”lə 2 Almaniya çempionluğu və 2 Almaniya Super Kuboku var.
Upamekano 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 18 oyuna çıxıb, 2 qol vurub. Müdafiəçi “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da qeyd edək ki, Upamekanolu “Bayern” Almaniya Bundesliqasının cari mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda 28 oyuna topladığı 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Bayer”dən 16 xal geri qalır. Leverkuzen təmsilçisi növbəti oyunda da qalib gəlsə, çempionluğu vaxtından öncə rəsmiləşdirəcək.


