Levandovskinin agenti: “Robert “Barselona”da qalacaq”

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin cari mövsümün sonunda “blauqrana”dan ayrılacağı haqda şayiələr yayılıb.

Arena.az məlumat verir ki, xeyli müddətdir baş alıb gedən bu söz-söhbət mənzərəsində Levandovskinin agenti Pini Zahavi təkziblə çıxış edərək, futbolçunun “Barselona”da qalacağını vurğulayıb:

“Bu, cəfəngiyyatdır, doğru xəbərlər deyil. Levandovski yüz faiz “Barsa”da” qalacaq”, – məşhur italyan jurnalist-insayder Fabritsio Romano “Meczyki” dərgisinə istinadən, Robert Levandovskinin agenti Pini Zahavidən sitat gətirir.

Vurğulanır ki, polyak futbolçunun agentinin belə açıq fikir bildirməsinin əsas səbəbi yay transfer pəncərəsi ərəfəsində həm müştərisinə və həm də “Barselona” düşərgəsindəki ab-havaya kənar söz-söhbətlərin təsirinin qarşısını almaqdır. Kataloniya klubu onsuz da çətin mərhələdən keçir və klubun mütəşəkkil komanda qurmaq yolunda əsas heyət oyunçularının fikir bütövlüyünə ehtiyacı var.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 24 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 91 oyun, 57 qol, 17 məhsuldar ötürmə.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: