“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 35-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbiuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bu gün fantastik oyun oynadılar. Qələbəyə layiq idik. Təzyiq altında oynamaq asan deyildi. Rəqibə yaxşı təzyiq göstərdik. Onların bir dəfə kornerdən qol fürsətləri oldu”.
Krunoslav Renduliç son turda qarşılaşacaqları “Neftçi” ilə oyundan və 2-ci olmaq şanslarından da söz açıb:
“Sabah” iki ay əvvəl 8-ci yerdə idi. Son 6 oyunda 5 qələbə qazanmışıq. 2-3-cü olmaq üçün yetərincə şansımız var. Hər şey özümüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Favorit komandaların xal itirdiyini çox görmüşük. “Neftçi” ilə matç çox ağır olacaq. Onlar da qalib gələ bilərlər”.
“Sumqayıt”in baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Murad Xaçayevin yenə “Sabah”la oyunda səhv etməsi təsadüfdür. Digərləri də səhv edir. Bir nəfərin üstünə düşmək düzgün olmaz. Robot deyillər ki, hər biri insandır. Canı sağ olsun. Qarşıda “Qəbələ” ilə oyun var, ona hazırlaşacağıq. Əlimizdən gələni etməyə çalışacağıq.
Bizdə inkişaf etməyə çalışan futbolçular var. Amma rəqibin oyunçuları bu cür ajiotajı görüblər. Əlbəttə, fərq olacaq. Bu cür ajiotaj bizi Avropada da gözləyir. Bu gün keyfiyyətdə uduzduq. İkinci hissədə rəqibi üstələdik. Onlar əks-hücumda oynamağa başladılar. İlk yarıda biz bunu etməli idik, amma hücumçularımız bunun öhdəsindən gələ bilmədilər.
Bütövlükdə, “Sabah”dan geri qalmadıq. Sadəcə, onların futbolçularına təəccüblənirəm. Bar-bar bağıran siz idiniz ki, rəqiblər vaxt aparır. Bu gün sizi yerdən yığışdırmaq olmurdu. Bilirəm deyəcəksiz ki, əcəb edirdilər. Olsun. Hər şey normaldır. Futbolçularımı göstərdikləri əzmə görə təbrik edirəm.
Komandanın avrokuboklar zonasında olması mənim üçün, şəhərim üçün xoşdur. Heç nə itməyib. İtsə də, imkan vermərəm ki, kimsə futbolçularıma nəsə desin. Oyunun qırılma nöqtəsi Rövlan Muradovun zədələnməsi idi. Təlaşda olmalı deyilik”.


