“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasında “Xəzri”yə qarşı keçirdikləri 2-ci oyunu şərh edib.
Arena.az xatırladır ki, final seriyasının ilk oyununda “Xəzri” 95:70 hesabıyla qalib gəlmişdi.
Ötən gecə keçirilmiş ikinci görüşdə isə “Sabah” 94:63 hesabıyla üstün olub və ümumi hesabı bərabərləşdirib – 1:1.
Oyundan sonra qalib komandanın baş məşqçisi Rimas Kurtinaytis bunları söyləyib:
“Qələbə qazandığımıza görə şadam. Komandamızın oyununda sərtliyi bəyəndim. Heç kimi fərqləndirmək istəməzdim. Bu dəfə komanda olaraq yaxşı mübarizə apardıq. Növbəti oyunlarda da aqressiv olmalıyıq. Fikrimiz tam olaraq oyunda olmalıdır. Ötən oyundə 22 top itirdik. Amma bu dəfə ilk periodu ümumiyyətlə səhvsiz başa vurduq. Qələbənin açarı müdafiədədir. Bəzi anlarda rəqibə 24 saniyə ərzində ümumiyyətlə atış imkanı vermədik”.
“Xəzri”nin baş məşqçisi Murat Dikmen isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Bu matçdakı qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis oyununu sərgilədik”.
Türkiyəli mütəxəssis qarşılaşmada xarakter göstərə bilmədiklərini bildirib: “Bu görüşdə konsentrasiya aşağı oldu. Sanki oyunçular pley-offda mübarizə apardıqlarını unutdular. Çünki heç nəyə ilk oyunda yekun vurulmur. Hər zaman dediyim kimi pley-off seriyasında enişli-çıxışlı performans ola bilər. İkinci matçda da bunu artıqlaması ilə yaşadıq. Məni ən çox əsəbiləşdirən də bu haldır”.
Murat Dikmen basketbolçularından daha çox mübarizə gözlədiyini söyləyib: “Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdir. Artıq final seriyasının üçüncü qarşılaşmasına hazırlaşacağıq. Ümid edirəm ki, bu dəfə göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq”.


