“Real”ın alman mərkəz yarımmüdafiəçisi Toni Kroos 2024-cü il Avropa çempionatı başa çatdıqdan sonra futbolçu karyerasını bitirəcək.
Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.
“Real”, artıq “Real”ın tarixinin bir hissəsinə çevrilmiş, klubumuzun və dünya futbolunun ən böyük əfsanələrindən biri olan Toni Kroosa minnətdarlığını və sevgisini bildirir”, – “qaymaqlılar”ın xüsusi bəyanatında deyilir.
Alman futbolçu özü də butslarını mıxdan asacağı haqda gerçəyə dair söhbət açıb:
“Real”da təqdimat günüm, həyatımı dəyişdirən gündür. Futbolçu kimi həyatım, amma ən çox insan kimi. Bu, dünyanın ən böyük klubunda yeni bir fəslin başlanğıcı idi. 10 il sonra, mövsümün sonunda bu fəsil sona çatır. Mən o cəsarətli uğur anını heç vaxt unutmayacağam. Məni açıq ürəklə qəbul edən və mənə güvənən hər kəsə təşəkkür edirəm.
Ancaq xüsusilə, əziz madridistlər, ilk gündən son günə qədər göstərdiyiniz sevgi və məhəbbətiniz üçün sizə təşəkkür etmək istərdim. Eyni zamanda, bu qərar o deməkdir ki, fəal futbolçu kimi karyeram bu yay, Avropa çempionatından sonra başa çatacaq.
Həmişə dediyim kimi: “Real” mənim son klubum olub və olacaq. Qərarım üçün doğru anı tapdığım və onu özüm seçə bildiyim üçün xoşbəxtəm və fəxr edirəm. Mən həmişə karyeramı ən yüksək səviyyədə bitirməyə çalışmışam”.
Kroosdan gözlənilməz qərar
Vurğulayaq ki, Toni Kroosun bu qərarı çox gözlənilməz olub. Futbol ictimaiyyəti alman futbolçunun daha bir mövsüm “Real”da çıxış edəcəyini təxmin edib gözlədiyi halda, bu məlumat açıq səmada şimşək təssəvürü yaradıb.
Toni Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 46 oyuna 1 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 463 oyun, 28 qol, 98 məhsuldar ötürmə.
Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Rostok “Hanza”sının yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer”də çıxış edib.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 108 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.
2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.


