“İnter” “Oaktree” fondunun mülkiyyətinə keçdi

Amerika Birləşmiş Ştatlarının “Oaktree” fondu İtaliya futbolunun nəhəngi, Milanın “İnter” klubunu nəzarətə götürüb.

Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir.

Vurğulanır ki, bu, “Suning Group” şirkətinin 368 milyon avro məbləğində kredit borcunu ödəməməsindən sonra baş verib.

“Yeni sahiblik qrupu olaraq biz cəmiyyətə və “İnter”in tarixi irsinə münasibətdə böyük məsuliyyətimizi dərk edirik. Biz “neradzurri”nin uzunmüddətli uğuruna sadiqik və inanırıq ki, bizim kluba olan iddialarımız onun İtaliyadakı və bütün dünyadakı ehtiraslı azarkeşlərinin iddiaları ilə üst-üstə düşür.
İlkin məqsədimiz klubun əməliyyat və maliyyə sabitliyini təmin etməkdir. Biz “İnter”in rəhbərliyinə böyük hörmətlə yanaşırıq və kluba güclü liderliyi təmin etmək üçün onlarla yaxından işləməyi səbirsizliklə gözləyirik. İkinci ulduzun qazanılması klub üçün həlledici məqam idi və bizim məqsədimiz uzunmüddətli inkişaf və rifaha doğru sahədə əldə etdiyimiz uğuru davam etdirməkdir”, – “Oaktree”-nin baş direktoru Alexandro Kano bildirib.

Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının 2023/2024-cü illər mövsümünün qalibi olub. “Neradzurri” daxili müstəvidə bütün rəqiblərindən bir neçə baş üstün təsəvvür yaradır və iddiasını növbəti mövsümdə, vəsiqə qazandığı Çempionlar Liqasında sürdürmək niyyətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: