Mahir Emreli qol ötürməsi verdi, “Rakuv” yenə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində növbəti çempionat oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Polşa çempionatının 2026/2027-ci illər mövsümünün 3-cü turu çərçivəsində bu gün “Krakoviya” ilə qarşılaşmanın iştirakçısı olub.

“Rakuv” səfərdə baş tutmuş görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının 31-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də azərbaycanlı futbolçu verib. Amma “Rakuv” ikinci hissədə buraxdığı qollarla meydanı xalsız tərk edib. Bu, sözügedən komandanın cari mövsümdəki ardıcıl üçüncü məğlubiyyətidir. “Rakuv” hazırda 0 xalla sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 7 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: